Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş növbəti müsabiqənin nəticələri açıqlanıb.

Offsideplus.az saytı olaraq qalib gələn bütün həmkarları, veb-saytları təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

Növbəti dəfə müraciət etməyimizə baxmayaraq, qurum bizi bu dəfə də ofsayda salmağı məqbul sayıb. MEDİA-nın ilk müsabiqəsinin qalibi olmuş OFFSİDE SPORT MEDİA artıq üçüncü dəfədir ki, seçilmir.

Qurumun qoyduğu bütün tələblərə uyğun gəliriksə, gözümçıxdıya salınmağımızın səbəbi nədir?

Azərbaycanın idman sahəsində ən böyük oxucu auditoriyasına malik olan Offside Sport Media-nın diqqətdən kənarda qalması birmənalı sayılmamalıdır.
Yerli idmanla bağlı özəl yazılar, araşdırmalar, müsahibələr - bir sözlə, qurumun qoyduğu 20 özəl xəbər daxil bütün şərtlər yerinə yetirilir, amma çifayda...

Baxış sayı - istər yerli reytinq platformalarında, istərsə də xarici - hamısında ilk pillələrdəyik. Sosial şəbəkələrin birmənalı lideriyik.
İdmanla bağlı gündəm hadisələrinə operativ reaksiya verilir. Öz dəsti-xəttimiz, özəl stilistikamız mövcuddur.

Bir sözlə, rahatlıqla deyə bilərik ki, Medianın İnkişaf Agentliyinin qoyduğu tələblərə artıqlaması ilə cavab veririk. Bəs bu dəfə də diqqətdən kənarda qalmağımızın səbəbi nədir, hörmətli MEDİA?

Offsideplus.az